ELMAN RƏFİYEV: “GÜNDƏMDƏ QALMAQ ÜÇÜN TEATR YARATMAQDANSA…”- MÜSAHİBƏ -FOTO
Göndərən Azad Tarix: 04.06.2011 14:57:00

“Aktyor özünün rejissoru olmasa rejissorun kuklasına çevriləcək”

“Pantomimanın digər teatrlardan fərqi ondadır ki, burada yaş həddi 10 dan 70-ə kimidir, millət mənsubiyyəti və dil sərhəddi yoxdur”

Simsar.az saytının bu dəfəki, qonağı Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru və direktoru Elman Rəfiyevdir.

- Azərbaycan teatrının bugününü necə xarakterizə edərdiz ?
- Böyük inkişaf yolundayıq. Hər bir teatr hazırda yenilik etməyə can atır.
- Edə bilirmi?
- Yenilik etmək tez bir zamanda uğur əldə etmək deyil. Biz yenilik etməyə can atırıq, bunun da mütləq bəhrəsi olacaq. Vaxtı ilə videoda, elektron variantda tamaşalara baxanlar indi teatrlara gəlməyə başlayıblar. Çünki tamaşaçı canlı aktyor ifası görmək istəyir. Azərbaycan incəsənəti və mədəniyyətində inkişaf dövrü gedir, inanıram ki, bu inkişaf öz gözəl bəhrəsini verəcək. Bunu hər kəs dərk etsə, inkişafa birgə çatacağıq.
- Teatrın, dramaturgiyanın durğunluq yaşadığını deyənlər də var...
- Pantomima Teatrı yarandığı 17 il ərzində heç bir durğunluq yaşamayıb. Teatr tamaşaları ilə hər zaman tamaşaçıların rəğbətini qazanıb. Pantomima Teatrına gələn tamaşaçılar durğunluq hiss etməyiblər. Bu fikrimlə başqa teatrların bostanına daş atmıram, sadəcə demək istəyirəm ki, bizim teatr tamaşaçı tərəfindən korluq çəkmir, aktyorlarımız da yenilənir, yeni nəsil gəlir. Bizim repertuar planımızda hər kəs üçün tamaşalar nəzərdə tutulub. Pantomimanın digər teatrlardan fərqi ondadır ki, burada yaş həddi 10 dan 70-ə kimidir, millət mənsubiyyəti və dil sərhəddi yoxdur. Lazım gələrsə, sözlü tamaşalar da hazırlayarıq. Sözlü tamaşa oynayanda belə, müəllimimiz Bəxtiyar Xanızadənin bizə öyrətdiyi bir şüarı heç vaxt unutmuruq. “Elə oynamalıyıq, zalda oturan tamaşaçı deməsin ki, mən də çıxıb bu cür hərəkət edib, danışa bilərəm”. Ona görə də uğur həmişə bizimlədir.
- Pantomima Teatrı yeni yarananda tamaşaçıların diqqətini özünə cəlb etdi. Son dövrlər isə teatr barədə mətbuatda məlumatların sayı belə azalıb. Sizcə buna səbəb nədir?

- Əgər Pantomima Teatrı efirə, mətbuata az çıxırsa, bu o demək deyil ki, durğunluq içərisindəyik. Sadacə, teatrımız həmişə olduğu kimi, başına aşağı salıb, öz işiylə məşğuldur. Lazım olan insanlar Pantomima Teatrının varlığından xəbərdardırlar. Gündəmdə qalmaq üçün teatr növü yaratmaqdansa, əsl teatr yaradıb gündəmdən, mətbuatdan uzaq olmaq daha yaxşıdır. İş göstərmək lazımdır, qoy işinlə səni tanısınlar. Azərbaycan məkanında çəkilən bir çox filmlərdə baş rollların ifaçıları, həmçinin reklamlarda yer alanlar Pantamima Teatrının aktyorlarıdır.
- Aldığınız maaşla dolana bilirsiz?
- Biz dövlətdən vaxtı-vaxtında maaşımızı alırıq, demirəm ki, çox maaş alırıq, amma mənim arzumdu aktyorların maaşı yüksək olsun. Aktyor səhnəyə çıxanda düşünməsin ki, mənim başqa problemim var və özünü tamaşaya həsr etsin. Əlbəttə yalnız teatrdan aldığı məvacib aktyoru qane edə bilməz. Maaş az olanda aktyor reklama, dublyaja qaçır. Dünyanın çox yerlərində, aktyorlara münasibət belədir və onların maaşı azdır.
- Tamaşalarınıza gələn tamaşaçıların biletlərə xərclədiyi pullar teatrınızın hansı məsrəflərini ödəyir?
- Kassadan satılan biletlərin pulu teatrın büdcəsinə toplanır və həmin vəsaitlə yeni tamaşalar qururuq.
- Dövlət status almış Pantomima Teatrına büdcədən verilən pul nələrə çatır və nələrə çatmır?
- Mədəniyyət və Turizm Nazirliyi dövlətimizin incəsənət üçün ayırdığı məbləği lazımı şəkildə paylaşdıra bilir. Nazirlik bacardığı qədər teatrların problemələrinə yardımçı olmağa çalışır.
- Tamaşaçı çox vaxt teatrdakı tamaşalarda rol alan eyni aktyorları görməkdən yorulur. Teatrlarda kadr işçilərin olmamasına necə baxırsız?
- 5-6 kadr işçi ola bilər, amma yenilik etmək üçün necə ki, rejissorlar dəvət olunur, eləcə də, başqa teatrlardan aktyorlar da dəvət olunmalıdır. Məhz Gürcüstanda belədir. Müxtəlif teatrların bir- birinə qaynıyıb qarışması canlı ünsiyyətdir. Müqaviləylə teatra dəvət olunmağın tərəfdarıyam. Bu, ancaq göz oxşaya bilər.
- Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov yenilik edərək Finlandiyadan teatra rejissor dəvət edib. Həmin rejissor da azərbaycanlı olduğundan çox güman bizim təfəkkürə malikdir. Belədirsə, hansı yenilikdən danışmaq olar?
- İsrafil müəllimin öz prinsipləri var. Onun mövqeyini dəstəkləyirəm. Xaricdə yaşayan azərbaycanlı olsa belə, onun yaradıcı ruhunda oranın abu-havası var. Həmin rejissorun düşüncəsindən bizim aktyorlar bəhrələnəndə tamaşaçıların zövqünü oxşayan maraqlı tamaşa alına bilir.
- Pantomima Teatrı xaricdən rejissor dəvət edir?
- Hələ ki, xaricə dəvət ünvanlamamışıq. Amma istərdik Gürcüstandan, Fransadan, yaxud başqa bir ölkədən rejissor dəvət edək, gəlib Pantomima teatrında tamaşa qoysun. Amma…
- Mane olan səbəblər var?
- Ustadım Bəxtiyar Xanızadə dünya teatrlarından xəbəri olan insandı. Biz xarici ölkələrin tamaşalarına çox baxırıq. 2011-ci ildə İtalya teatrının oynadığı tamaşaya baxanda gördük ki, həmin janrı Bəxtiyar Xanaızadə bizə 1998-ci ildə öyrədib.
- Son zamanlar çəkilən filmlərin keyfiyyəti barədə nə deyə bilərsiz?
- Başqa dövlətlərlə müqayisədə hələ ki, biz çox zəifik. Bunu danmaq lazım deyil. Serialların çəkilməsi məni sevindirir, amma keyfiyyəti kədərləndirir.
- Azərbyacan seriallarında nə çatışmır?
- Sünilik var. Hansı ki, biz xarici seriallara baxanda bu süniliyi görmürük. Əsas odur ki, bu mərhələni başlamışıq və yavaş- yavaş inkişaf da olacaq. Elə vaxt var idi, azərbaycanca olunan dublyajları tamaşaçı qəbul etmirdi, amma indi tədricən qəbul edir. Zaman lazımdır.
- Sənət adamları, daha dəqiq desək teatrlar arasında əksər hallarda münasibətlər gərgin olur. Bu sahənin adamı ki, bilməmiş olmazsız, niyə belədir?
- Hər bir teatr öz yolu ilə gedir. Niyə gərginlik olmalıdır? Mən gərginliyin tərəfdarı deyiləm və arzu edirəm ki, bütün teatrlar başqa teatrların aktyorlarını da tamaşalara dəvət etsin. Amma bu, bir çoxları tərəfindən paxıllıqla qarşılana bilər.
- Bir ildən çoxdur teatrınızın bir neçə aparıcı aktyoru sizdən ayrılaraq “Simsar” Plastik Teatrı yaradıblar. Bunlar Pərviz Məmmədrzayev və Qurban Məsimovdu. Onaların Pantomima Teatrından gedişinə aydınlıq gətirə bilərsiz?
- Dünyanın bir çox ölkələrində belə hallar olur və olacaq da. Hər hansı bir teatr yarananda illər keçdikdən sonra aktyor öz işini başqa bir istiqamətdə davam etdirə bilər. Yəqin fikir vermisiz, aktyorlar müəyyən zamandan sonra rejissor olurlar.
- Aktyorların rejissor olması nə qədər doğrudur?
- Bəxtiyar Xanızədinin bir sözü var, deyir ki, əgər mənim aktyorlarım rejissorluq qabiliyyətini bacarmırlarsa, deməli, onlara heçnə öyrətməmişəm.
- Çoxları deyir ki, aktyor robot kimidir, rejissor isə ona istiqamət verən şəxsdir. Belə halda aktyor necə rejissor ola bilər?
- Aktyor maryanetka deyil, canlı insandı, rejissor yalnız onu yönləndirə bilər. Aktyorun istedadı varsa, rejissor bunu üzə çıxarır. Aktyor həm də özünün rejissoru olmalıdır. Əks təqdirə rejissorun kuklasına çevriləcək. Belə halda isə aktyorluq, sənət olmayacaq.
- “Simsar” Plastik Teatrı bir illik fəalliyyətlərinə həsr olunan “Vaqa” tamaşasını hazırladı. Həmin tamaşada Siz də vardız, ancaq mətbuatda təəssüratınızla tanış olmadıq, bəlkə bu gün deyəsiz, tamaşa necə təsir bağışladı?
- Mənə elə orda sual verdilər ki, “Azərbaycanda ilk Plastik Teatrı yarandı sizin buna münasibətiniz?” Dedim, münasibətim çox gözəldir, əgər bizim teatrdan ayrılandan sonra bu aktyorlar belə bir teatr yaratmasaydılar, adam bəlkə də küsərdi ki, bəs bu qədər öyrəndiklərin hara getdi… Onların teatr yaratması labüd hal idi. Bizim teatrın çoxlu sayda aktyorlarının adını çəkmək olar ki, gediblər və öz uğurlarına imza atıblar. Məsələn, Azər Axşam, Gənc Tamaşaçılar Teatrının həm rejissoru, həm aktyoru Nicat Kazımov, Qurban Məsimov, Pərviz Məmmədrzayev, “Aktrisa” filminin rejissoru Rövşən İsax kimin yetirməsidir? Bəxtiyar Xanızadənin, Pantomima Teatrının. Pərvizgilin yaratdığı bu teatra görə sevindim, belə də olmalı idi. Tamaşaya da baxdım və xoşuma gəldi. Tamaşadan sonra Pərviz və Qurbanla söhbət edəndə dedim ki, çatışmayan yeganə hal tamaşanın uzun olması idi, rejissor gözüylə tamaşanın qısaldılmasını istəyirdi. Darıxma anları uzunluğa görə idi.
- Direktoru olduğunuz teatrın bədii rəhbəri Bəxtiyar Xanaızadə “Vaqa” tamaşasına baxandan sonra demişdi ki, “əgər onlar ugur qazansalar, sevinərəm”. Mədəniyyət yazarları bu sözün ironiya olduğuna diqqət çəkmişdilər. Siz necə qiymətləndirirsiniz, bu sözdə ironiya hansı səviyyədədir?

- Bəxtiyar Xanızadə aktyorların uğuruna həmişə sevinən adamdı. Bəxtiyar müəllim heç vaxt sizin işarə etdiyiniz fikri ironik formada deməz.
- Pantomima Teatrında hansı tamaşalar səhnələşdirilir?
- Ustadımız Bəxtiyar Xanızadə bizə sənətdə çox şey öyrədib və bu gün qazandılarımızı xərcələyirik. Bəzən bizdən soruşurlar, niyə az tamaşalar göstərirsiz? Cavab veririk ki, pantomima tamaşası hazırlamaq üçün 3-4 ay, bəzən isə bir il vaxt tələb olunur. Çalışırıq vaxtdan səmərəli istifadə edək və tamaşaçı qarşısına dəyərli tamaşa ilə çıxaq. Tamaşaçı baxıb heyrətlənməlidir. Tamaşaçılar hər həftənin şənbə və bazar günləri, saat 19:00-da teatra gəlirlər. Teatr barəsində əlavə məlumatlarla pantomima.az saytına daxil olub, maraqlana bilərlər.  articles: panta1.jpg

P.S. Elman Rəfiyev qəlbən, ruhən, fikrən teatr adamıdır. Bütün varlığı ilə teatra bağlı olan insanla teatrdan başqa nə haqda danışmaq olar ki? Əslində çox şey deyə bilərsiz, amma mən söhbət əsnasında anladım ki, o teatr və sənətdən çox-çox aşağıda dayanan ucuz söhbət və cılız intriqalar barədə danışmaq istəmir. Düzdür, etiraf edir və çox yaxşı bilir ki, bü gün teatrlarımızda yetərincə ciddi problemlər var. Amma o, “gün gələcək hər şey yaxşı olacaq” şüarıyla yaşayır, ən azı yaxın gələcəkdə o günün gələcəyinə inanır. Bizim isə o günün tezliklə gəlməsini arzulamaqdan başqa sözümüz yoxdur.

Aynurə Həsənova