Pantomima Teatrının təmiri başa çatıb
Göndərən Azad Tarix: 18.09.2010 09:01:37

Kollektiv mövsümü “Dulusçu” tamaşası ilə açacaq

“Şəfəq” kinoteatrında fəaliyyət göstərən Dövlət Pantomima Teatrında aparılan təmir işləri artıq başa çatıb. Bunu Lent.az-a teatrın direktoru Elman Rəfiyev bildirib. Direktorun sözlərinə görə, təmir işləri yalnız birinci mərtəbədə aparılıb. Səhnə və bütün otaqlar yüksək səviyyədə təmir olunub. İstilik və kondisioner sistemi quraşdırılıb. Teatr yeni və müasir səs, işıq sistemilə, müxtəlif avadanlıqlarla təchiz olunub.

E. Rəfiyev qeyd edib ki, artıq teatrda məşqlər başlayıb. Kollektiv mövsümün açılışına hazırlaşır. Teatr mövsümü sentyabrın 26-da “Dulusçu” tamaşası ilə açacaq. Tamaşa dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə oynanılacaq: “Çünki “Dulusçu” Üzeyir Hacıbəylinin “Biz nə tövr iş görürük” felyetonu əsasında tamaşaya qoyulub. Neçə illərdir bu tamaşanı oynamağımıza baxmayaraq, yenidən məşqlər aparırıq. Səhnə, işıq sistemi, avadanlıqlar yeni olduğundan tamaşanı da buna uyğunlaşdırmağa çalışırıq”.

Qeyd edək ki, 8 ildir Pantomima Teatrının repertuarında əsas yeri tutan “Dulusçu” 2002-ci ildə dövlət sifarişilə səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Rollarda Elman Rəfiyev, Bəhruz Əhmədli, Nargilə Qəribova, Əli Əlizadə və başqaları iştirak edir.

Xəyalə Muradlı